Ölkəmizdə üzümçülüyün çox böyük perspektivləri var


Azərbaycan üzümün yetişdirilməsi və onun emalı ilə məşğul olan qədim diyarlardan biridir. Tarixi ənənələri olan üzümçülük indi də respublikamızda kənd təsərrüfatının ən gəlirli sahələrindəndir. Bü gün dövlətimizin başçısı cənab İlham Əliyevin üzümçülüklə bağlı verdiyi tapşırıqlar, həyata keçirilən tədbirlər də bunun əyani təsdiqidir. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu Dövlət Proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub. Ölkə başçısı Şamaxıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd edib ki, son vaxtlar Şamaxı üçün ənənəvi sahə olan üzümçülük bərpa edilir, yeni üzüm bağları salınır: “Mən bu gün onların birinə baxacağam. Burada 300 hektardan çox sahədə yeni bağlar salınıb. Bilirəm ki, digər böyük layihə də icra edilir, oranın da sahəsi təxminən 300 hektardan çoxdur. Biz Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik. Şamaxılılar yaxşı bilirlər ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə bizim əsas üzümçülük mərkəzlərimizdən biri də Şamaxı olmuşdur. İnsanlar nə qədər xeyir götürdülər, evlər tikildi, avtomaşınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. ...Ancaq üzümçülüyün çox böyük perspektivləri, ənənələri var və biz indi xarici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışıq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda sürətlə gedəcək. Burada da Şamaxı rayonu lider olmalıdır. Mən görürəm ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq.”

“Az-Granata” MMC Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. 2016-cı ildə “Az-Granata”nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib.
“Az-Granata” MMC-nin direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov qəzetimizə açıqlamasında bildirdi ki, hazırda üzümçülüyün bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir: “Ölkə Prezidenti Şamaxıya səfəri zamanı “Az-Granata” MMC-yə məxsus üzüm bağlarında da oldu. Üzüm bağlarımız 450 hektara yaxın ərazini əhatə edir. Bunun təqribən 100 hektarında 6 növ süfrə üzümü əkilib və respublikanın müxtəlif ərazilərində satılır. Süfrə üzümü əsasən İtaliyadan gətirilmiş kişmişi üzüm sortlarıdır. Bu üzüm insanlar tərəfindən daha çox bəyənilir, hətta bu növdən hazırlanan mürəbbələr də daha dadlı olur. 350 hektar ərazidə isə texniki üzüm sortları əkilib. Bunlara əsasən “Mədrəsə”, “Saperavi”, “Kabernet-Soviyon”, “Merlot”, “Rkasiteli”, “Bayanşirə”, “Şardone” növlərini misal göstərmək olar. Bu üzüm növləri əkildiyi Böyük Qafqaz sıra dağlarının Adnalı yaylasında yaxşı məhsul verir. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir. Hər hektardan təqribən 7-8 ton məhsul alınır. Bu da şərab istehsalına yönəlir. Bu gün yüksək keyfiyyətlə istehsal olunan şərablar bir çox Avropa ölkələrinə çıxarılır.”

V.Mikayılov qeyd etdi ki, möhtərəm Prezidentimiz üzüm bağlarını gəzərkən boş, əkilməmiş əraziləri görərkən bu ərazilərdə yerli üzüm növlərinin əkilməsi ilə bağlı tapşırıq verdi: “Üzümçülüyün qədim ənənələrinin bərpa edilməsi bizim üçün şərəfli işdir. Bununla bağlı ölkə başçısının tapşırıqları bu işləri yerinə yetirməyimizə yol açdı. Bildiyiniz kimi, son illər turistlər ölkəmizə daha çox maraq göstərirlər. Turistlər də Azərbaycanın yerli üzüm sortlarından hazırlanan şərablara  daha çox maraq göstərirlər. Cənab İlham Əliyevin Şamaxıya səfərindən sonra belə qərara gəldik ki, əlavə olaraq 70 hektar sahədə “Mədrəsə”, 30-40 hektar ərazidə “Bayanşirə” növlərini əkməyi nəzərdə tuturuq. Xarici üzüm növlərindən qısa vegetasiya dövrü olan “Povinyon-bank” növünün əkilməsini də planlaşdırırıq. Bu üzüm növü şampan istehsalı üçün yaxşı məhsuldur. “Az-Granata” olaraq istəyirik ki, zavodumuzda istehsal olunan şərabları həm klassik üsulla, həm də akrotofor üsulu ilə hazırlayaq. Bu üsulla şampan məhsulu 20-25 günə hazırlandığı halda, klassik üsulla bunun üçün minimum 2 il vaxt lazımdır. Bu üsulla hazırlanan şampanlar xarici bazarlarda daha çox satıla bilər. “Az-Granata” Azərbaycanda ilk dəfə olaraq türk rakısını istehsal edəcək. Bu içkinin tərkibini əsasən üzüm spirti və anason (cirə) təşkil edir. Azərbaycanda əkilən üzüm növlərindən alınan spirt isə tərkibinə görə daha keyfiyyətlidir. Bu da onu deməyə əsas verir ki, yaxın gələcəkdə istehsal etdiyimiz rakı dünyada böyük nüfuz qazanacaq.”

Son Xəbərlər


“Az-Granata” Şirə və şərab emalı zavodu Azərbaycan tarixində bir ilkə imza atdı.

Ətraflı


Prezident İlham Əliyev Şamaxıda “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub

Ətraflı

Mağazalarımız

Əlaqə